150 +994505000150

RİİB-in inklüziv təhsillə bağlı həyata keçirdiyi layihənin ikinci mərhələsinə start verilib

14 mart 2023
Paylaş
RİİB-in inklüziv təhsillə bağlı həyata keçirdiyi layihənin ikinci mərhələsinə start verilib

Martın 14-də bp-nin inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən fəaliyyətlərinin təqdimatı olub.

Tədbir çərçivəsində bp-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən, məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmiş layihə və əldə edilən uğurlu nəticələrlə bağlı ətraflı məlumat verilib.

Həmçinin bu uğura əsaslanaraq, layihənin daha geniş miqyasda davam etdirilməsi ilə bağlı təqdimat keçirilib.

Layihənin artıq tamamlanmış 1-ci mərhələsi ümumi təhsil məktəblərində inklüziv təhsil mühitinin yaradılması və əlilliyi olan uşaqların sosial inteqrasiyası ilə bağlı davranış dəyişikliyini təbliğ etməklə inklüziv təhsil mədəniyyətinin təşviq olunması üçün nəzərdə tutulmuşdu. Layihə Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş dörd pilot məktəbi – Bakı şəhərinin 202 və 246 saylı məktəblərini, həmçinin Sumqayıt şəhərinin 4 və 21 saylı məktəblərini əhatə edib.

Layihə çərçivəsində əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə kömək məqsədilə qrup şəklində və fərdi qaydada xidmətlər göstərmək üçün seçilmiş məktəblərin hər birində inklüziv təlim resurs otağı yaradılıb. Resurs otaqları əlilliyi olan uşaqların fərdi təhsil ehtiyaclarına cavab verən praktiki tədris və köməkçi texnologiyalar, xüsusi qurğular və mebellər, həmçinin proqram təminatı və audio-vizual vəsaitlərlə təchiz olunub.

Bundan əlavə, pedaqoji heyətdən seçilmiş qruplara – ümumilikdə 50-dən çox müəllimə yeni avadanlıq və texnologiyadan səmərəli istifadəni, həmçinin öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasını təmin etmək üçün təlimlər keçilmiş, həmçinin 80-dən çox valideyn üçün məlumatlandırıcı seminarlar təşkil olunmuş, geniş ictimai maaarifləndirmə işləri aparılmışdır.

Layihənin 2-ci mərhələsi Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəbi əhatə edəcək.

İlk olaraq beynəlxalq ekspertlə birlikdə inklüziv təhsil üzrə təlim proqramı hazırlanacaq və həmin proqram əsasında 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimləndirilməsi aparılacaqdır.

Fərqli əlillik formalarında olan şagirdlərin müxtəlif ehtiyac və maraqlarına, sosial - psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün təlimin diferensiallaşdırılması, rəngarəng təlim metodlarının tətbiqi zəruri olduğundan, layihə çərçivəsində həmin müəllimlər maddi-texniki resurslarla - zəngin təlim vəsaitləri, didaktik materiallar, inkişafetdirici vasitələr və s. ilə təmin ediləcək.

Layihə çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirələrə dəstək məqsədilə müvafiq dövlət qurumlarının, QHT-lər və maraqlı tərəflərinin iştirakı ilə dəyirmi masa müzakirələrinin təşkili də nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında həyata keçiriləcək yeni layihə müasir inklüziv təhsil siyasətini güclü şəkildə dəstəkləyir və Azərbaycanın təhsil sisteminin tərkib hissəsi kimi inklüziv təhsilin strateji inkişafını təşviq edir.