150 +994505000150

Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib

22 noyabr 2021
Paylaş
Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib

Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.

“Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.

20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunmuş və iki gün davam edən hakatonda paytaxt və regionları təmsil edən 10-16 yaşarası məktəblilər iştirak ediblər. 18 komandanın qatıldığı müsabiqədə uşaqlar monitorların köməkliyi ilə təhsil, sağlamlıq, zorakılıqdan müdafiə, ailədə yaşamaq və tərbiyə almaq hüquqlarının təşviqi və müdafiəsinin təmin edilməsi problemlərinin innovativ həllinə dair ideyalarını təqdim ediblər.

Hakaton iştirakçıları maraq dairələri və potensialları nəzərə alınaraq uşaq hüquqları, kodlaşdırma, biznes və idarəetmə təlimlərinə cəlb olunurlar. İştirakçilar tərəfindən təqdim olunan 18 layihə münsiflər tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyən edilib.

Hakatonun sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova, təhsil nazirinin müavini Muxtar Məmmədov, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan hakaton iştirakçılarını və qalibləri təbrik edərək hədiyyə və sertifikatları təqdim ediblər.

Bahar Muradova vurğulayıb ki, qarşıya qoyulan hədəfə çatmaq istiqamətində çalışmaq insanın gələcəyinə gedən yolu işıqlandırır. Komitə sədri deyib: “Siz özünüzdə güc tapdığınız və inandığınız üçün qalib gəldiniz. İnanıram ki, siz gələcəkdə də öz məqsədlərinizə çatmaq üçün belə fədakar olacaq və liderlik keyfiyyətlərini inkişaf etdirəcəksiniz”.

Bu günlərdə Azərbaycan Uşaqlarının 5-ci Ümumrespublika Forumunun keçirildiyini diqqətə çatdıran Bahar Muradova qeyd edib ki, ölkəmizdə uşaq hüquqları qorunur və müdafiə edilir. Yeniliyin, innovasiyanın əhəmiyyətindən danışan komitə sədri hər zaman onların maraqlı təkliflərini dinləməyə hazır olduqlarını diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Muxtar Məmmədov müsabiqə qaliblərini təbrik edərək bildirib ki, uşaqlar bu tədbir vasitəsilə komanda şəklində çalışmağı, tədqiqat aparmağı öyrənirlər. O, əminliyini ifadə edib ki, uşaqların bu yarışda öyrəndikləri onlara gələcəkdə daha böyük uğurlara imza atmağa imkan verəcək və karyera qurmalarında yardımçı olacaq.

Muxtar Məmmədov bu qəbildən olan yarışlarda və müsabiqələrdə iştirak etməyin uşaqların inkişafı və yeniliklərə açıq olması baxımından əhəmiyyətindən danışıb: "Gələcəyimiz sizin kimi uşaqların əlindədir və inanırıq ki, gələcəyimiz etibarlı əllərdədir. İnnovativlik inkişaf üçün çox mühümdür. Bu amil sərhədləri aşmaq qabiliyyətinə malikdir. Belə tədbirlərin təşkili davamlı olaraq həyata keçiriləcək”.

Təhsil nazirinin müavini belə tədbirlərin regionlarda da təşkilinin nəzərdə tutulduğunu qeyd edib.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan diqqətə çatdırıb ki, bu tədbir ölkədə uşaqlara yanaşmanı və uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunun təsdiqidir. UNICEF-in nümayəndəsi deyib: “Siz Azərbaycanın gələcəyisiniz və gələcək sizin əlinizdədir. Yaşadığımız həyata yenilikləri, innovasiyaları gətirmək, tətbiq etmək çox yaxşıdır. Siz bu yarışda innovativ ideyalar uğrunda çalışaraq bundan məharətlə istifadə etmisiniz”.

Uşaqların bugünkü uğurlarından məmnun olduğunu deyən Min Yuan onlara inkişaf etmək, bacarıqlı olmaq üçün daha çox öyrənməyi, çalışmağı və ixtiralarının həcmini genişləndirməyi tövsiyə edib.

Qeyd edək ki, hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiyalar və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.