“Çərpələng uşaq proqramı” layihəsinin bağlanış mərasimi keçirilib
Heydər Əliyev Fondunun “Regional İnkişaf”
İctimai Birliyinin (RİİB) tərəfindən həyata keçirilən “Sosial layihələr”
müsabiqəsinin qaliblərindən olan “Sabaha inam” İctimai Birliyinin icra etdiyi
sosial layihə artıq yekunlaşıb.
Layihənin bağlanış mərasiminə Azərbaycan Milli Elmlər Akademiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yeni Azərbaycan Partiyası, “Regional
İnkişaf” İctimai Birliyi və “Sabaha inam” İctimai Birliyinin nümayəndələri, həmçinin
layihə iştirakçıları qatılıblar.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində
uşaqlar üçün 20 nağıldan ibarət yeni mobil tətbiq yaradılıb, əlavə olaraq tətbiqdə
Azərbaycan və dünya ədəbiyyatından seçilən
nağıllar əsasında hazırlanan mobil oyunlar yerləşdirilib.
Valideynlərin
nəzarəti ilə idarə olunacaq proqramda uşaqların yaşına uyğun bölmələri
tənzimləmək, eyni zamanda onların proqramdan nə dərəcədə səmərəli istifadə etdiyini
izləmək mümkündür.
Xatırladaq ki, sözügedən
tətbiq uşaqların sosial inkişafına və dünyagörüşünün formalaşmasına dəstək
vermək, həmçinin yeni texnologiyalardan daha faydalı istifadə etmələrinə
imkan yaratmaq məqsədi daşıyır.