150 +994505000150

Qarabağ zəfərinə həsr olunan “Təhsil Avtobusu – Qayıdış” layihəsi başa çatıb

20 sentyabr 2021
Paylaş
Qarabağ zəfərinə həsr olunan “Təhsil Avtobusu – Qayıdış” layihəsi başa çatıb

Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq 5-ci dəfədir ki, həyata keçirilən "Təhsil avtobusu – Qayıdış" layihəsi başa çatıb.

Layihə çərçivəsində “Təhsil Avtobusu” 1500 km-dən çox məsafəni qət edərək işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər edib. Layihədə Qarabağın 53 məktəbindən olan 198 şagird Qarabağa aid mövzu istiqamətlərində 50-yə yaxın akademik saat həcmində olan təlim, tədris proqramı və intellektual yarışların iştirakçısı olub.

Qarabağlı şagirdlərin yaşadığı və təhsil aldığı rayonlarda keçirilən layihə çərçivəsində incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, vətənpərvərlik, şəxsi inkişaf istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Layihəyə Qarabağın rayonlarının məktəblərində təhsil alan zəif və orta göstəriciyə malik olan 6-9-cu sinif şagirdlər seçilib.

Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

“Təhsil Avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, Vitam Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, “Kids Inc.” proqramı, SABAH qrupları, Edumap Təhsil portalnın tərəfdaşlığı ilə keçirilir.

Qeyd edək ki, “Təhsil Avtobusu” yay məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur və 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən “Təhsil Avtobusu” yay məktəbi nəticəsində 8500 km yol qət edilmiş, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çoxşagird cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.