Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib
“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində noyabrın 20-də dövlət rəsmilərinin və müvafiq sahə üzrə mütəxəssislərin uşaqlarla onlayn görüşü keçirilib.
Millətlər Cəmiyyətinin Assambleyası tərəfindən qəbul edilmiş
Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsinin
100 illiyi və Ümumdünya Uşaqlar Gününə həsr edilmiş görüş
Bakı, Naxçıvan, Gəncə, Lənkəran Qəbələ şəhər və rayonlarını təmsil edən
100-dən çox məktəblinin iştirakı ilə təşkil olunub.
Görüş
iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Günay
Ağayeva bu əlamətdar günlər münasibətilə görüş iştirakçılarını təbrik edərək, layihənin
məqsəd və əhəmiyyəti, həmçinin layihə çərçivəsində qarşıdakı bir ay ərzində həyata keçiriləcək tədbirlər
barədə məlumat verib.
Görüşdə Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, Elm və Təhsil
Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ADA
Universitetinin prorektoru Vəfa Kazdal,
“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin
direktoru Hökümə Kərimova, “Regional İnkişaf” İctimai Birliyinin hüquqşünası Təbriz Qasımov, Azərbaycan Kibertəhlükəsilik
Assosasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və Assosasiyanın sədr
müavini Rauf Cabbarovun çıxışları dinlənilib.
Çıxışlarda ölkəmizdə uşaq hüquqlarının təmin
olunması və qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və
beynəlxalq təcrübənin tətbiqi istiqamətində
görülən işlərdən danışılıb, informasiya-kommunikasiya texnologiyalarından
istifadənin genişləndiyi bir dövrdə rəqəmsallaşan cəmiyyətdə uşaq hüqüqlarının
qorunması zərurəti, onların zərərli informasiyalardan mühafizəsinin təşkili
istiqamətində atılan addımlar, həyata keçirilən maarifləndirici layihələr diqqətə
çatdırılıb. Həmçinin bu sahədə effektiv nəticələrin əldə edilməsi üçün aidiyyəti
dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın
vacibliyi vurğulanıb. Çıxış edənlər, eyni zamanda uşaqları rəqəmsal cəmiyyətdə
öz hüquqlarını qorumaq üçün bilik və bacarıqlarını daim artırmağa, diqqətli və
məsuliyyətli olmağa, media savadlılığına yiyələnməyə və daha etibarlı, yoxlanılmış
informasiya mənbələrindən yararlanmağa çağırıblar.
Görüş
sual-cavab mərhələsi ilə davam edib. Məktəblilərin rəqəmsal
mühitdə uşaqların hüquqlarının müdafiəsi istiqamətində qurumlar tərəfindən görülən
işlər, zərərli informasiyadan qorunmasını
tənzimləyən mövcud qanunvericilik aktları, rəqəmsal
texnologiyaların inkişafının təhsil müəssisələrində tədrisin təşkilinə təsiri,
uşaqlar üçün təhlükəsiz onlayn davranış qaydaları, habelə sosial media hesabların və şəxsi informasiyaların qorunması
üçün istifadə edilən texnologiyalar və digər mövzularda sualları
cavablandırılıb, təklifləri dinlənilib.
Tədbir iştirakçıların
görüş müddətində qeydə alınan görüntülərindən hazırlanmış fləş-mobla başa çatıb.
Qeyd edək ki, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” kampaniyasının məqsədi uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir. Kampaniya çərçivəsində, həmçinin, qeyd olunan şəhər və rayonlarda VII-XI sinif şagirdləri və onların valideynləri üçün uşaqların zərərli informasiyadan qorunması, sosial media və rəqəmsal resurslardan düzgün istifadə qaydalarına dair məlumatlandırıcı sessiyaların və uşaq hüquqlarının rəqəmsal cəmiyyətdə roluna dair konfransın keçirilməsi, müxtəlif məlumatlandırıcı çap materiallarının hazırlanması və paylanması nəzərdə tutulur.