150 +994505000150

Naxçıvanda "Səhiyyədə innovativ yanaşmalar" mövzusunda konfrans keçirilib

18 oktyabr 2024
Paylaş
Naxçıvanda "Səhiyyədə innovativ yanaşmalar" mövzusunda konfrans keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 17-də Naxçıvan şəhərində "Səhiyyədə innovativ yanaşmalar" mövzusunda konfrans keçirilib.

Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransın açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Naxçıvan səhiyyəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ölkə səhiyyəsinin inkişafına göstərdikləri xüsusi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə qurulan səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

“Regional İnkişaf” İctimai Birliyinin əmıkdaşı Babək Tatlıyev öz çıxışında təmsil etdiyi İctimai Birliyin səhiyyə sahəsində gördüyü işlər, həyata keçirdiyi davamlı layihələr haqqında məlumat verib, həmçinin konfransın əhəmiyyətindən danışaraq, bu tədbirin həkimlərin bilik və bacarıqlarının artırılmasına töhfə verəcəyini vurğulayib.

“Mərhəmətli Ürək” Assosiyasiyasının rəhbəri Nuranə Əliyeva regionlarda təşkil edilən səhiyyə aksiyaları barədə danışaraq, bu kimi tədbirlərin əhalı üçün faydalı təşəbbüslər olduğuna diqqət çəkib.

Məlhəm Beynəlxalq Hospitalının direktor müavini Ceyla Əhmədxanova isə Naxçıvanda oktyabrın 15-16-da təşkil edilən tibbi aksiya barədə məlumat verib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli çıxışında Naxçıvanda səhiyyə sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayaraq, tətbiq edilən yeniliklərin bölgənin səhiyyə infrastrukturunun inkişafına müsbət təsirini xüsusi qeyd edib.

Konfransın davamında ixtisaslaşmış həkimlərin təqdimat və məruzələri dinlənilib. “Arterial hipertenziyada ən son yeniliklər”, “Postpartum qanaxma, təcrübə ilə nəzəriyyənin kəsişməsində”, “Ürək miksomaları”, “Onkologiyada ənənəvi müalicə üsulları”, “Parkinson xəstəliyinin cərrahi müalicəsi” və “Psixi sağlamlıq sistemində yaranan boşluqların aradan qaldırılması” mövzularını əhatə edən təqdimatlar geniş müzakirə olunub, praktik və nəzəri biliklərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


FOTO