Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib
Sentyabrın 17-də Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib.
Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib.
Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib.
İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri olub.
Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov iştirakçıları salamlayaraq bildirib ki, Heydər
Əliyev Fondunun təşkilatçlığı ilə Azərbaycanda artıq 3-cü marafondur keçirilir. İnsanların bu marafonlara qoşulması, iştirakçı sayının getdikcə artması Azərbaycanda idman tədbirlərinə böyük maraq olduğunu göstərir. «Hər birinizi bizim bütün layihələrimizdə iştiraka çağırıram», - deyə A. Ələkbərov bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib.
Daha sonra marafona start verilib. İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.
“Gəncə Marafonu – 2017”nin qalibləri iki kateqoriyada – kişi və qadın iştirakçılar arasında müəyyənləşib.
Kişilər arasında finiş xəttini ilk olaraq Türkiyə vətəndaşı Üzeyir Söyləməz, ikinci İrandan olan Mohammed Cəfər Muradi, üçüncü Gürcüstan vətəndaşı Omar Baikeyev keçib. Qaliblərə mükafatı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, «Azercell Telekom»un prezidenti Vahid Mürsəliyev təqdim edib.
Qadınlar arasında isə birinci yeri Ukrayna vətəndaşı Valentina Poltavska, ikinci yeri Azərbaycan vətəndaşı Anna Yusipova, üçüncü yeri Böyük Britaniya vətəndaşı Nataşa Petersen qazanıb. Xanım idmançılara mükafatları kikboksinq üzrə 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov, millət vəkili Qənirə Paşayeva və Əməkdar Artist Röya Ayxan təqdim edib.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunublar.
“Gəncə Marafonu–2017”nin kişilər arasında qalibi Türkiyə vətəndaşı Üzeyir Söyləməz jurnalistlərə müsahibəsində Azərbaycan keçirilən marafonlarda ikinci dəfə iştirak etdiyini bildirib. O, «Bakı marafonu - 2017»də ikinci yer qazanmışdı. Üzeyir Söyləməz “Gəncə Marafonu –2017”nin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
“Gəncə Marafonu–2017”nin qadınlar arasında qalibi Ukrayna vətəndaşı Valentina Poltavska da Azərbaycanda keçirilən marafonlarda ikinci dəfədir iştirak edib və bu il keçirilən Bakı marafonunun ikincisi olub. O, jurnalistlərə müsahibəsində Gəncə marafonu barədə dostundan məlumat aldığını bildirib və iştirakçıların sayının bu qədər çox olmasının onun üçün gözlənilməz olduğunu deyib. V.Poltavska Gəncə sakinlərinin qonaqları xoş qarşılamasından və marafonun təşkilatçılığından məmnun qaldığını bildirib.
“Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkəti olub. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.
Marafona 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək qoşulublar. Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək Gəncə, Bakı, Şəki şəhərlərində, Şəmkir, Yevlax və Tərtər rayonlarında aparılıb.
Bölgədə keçirilən ilk marafonun vəsaitlərini Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi qarşıladığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyiblər.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyıb.
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016 və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib. Qədim tarixə malik Gəncə regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər olub.